“Orfoqrafiya Komissiyası “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini “Söz necə deyilir, o cür də yazılsın”, yəni “Fonetik” prinsipə əsaslanaraq hazırlayıb”.
Bunu Dövlət Dil Komissiyasının üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O, nümunə göstərərək bildirib ki, ərəb dilindən alınan “iyyat”, “iyyət”, “iyyə” şəkilçisindən istifadə olunan sözlər bir “y” ilə tələffüz olunur: “Məsələn, “ədəbiyyat”, “üslubiyyət”, “məşğuliyyət” və s… Biz bu sözləri bir “y” ilə tələffüz edirik. Yeni layihədə olan təkliflər qəbul olunarsa, bu, həm də indiyə qədər mövcud olan qarışıqlıqları aradan qaldıracaq. Belə ki, bəzi sözlər iki “y” ilə, bəziləri isə bir “y” ilə yazılır. Məsələn, “mədhiyyə”, “ehtiyyat” iki, “mərsiyə”, “cəfəngiyat” isə bir “y” ilə yazılır, amma çox yerdə, elə ədəbiyyatlarda da bu qarışdırılır. Biz də bu qarışıqlığı aradan qaldırmaq üçün təklif edirik ki, belə sözlərin hamısı bir “y” ilə yazılsa daha yaxşı olar”.
Direktorun sözlərinə görə, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində sonu iki samitlə qurtaran bəzi sözlərin mənbə dildən fərqli olaraq bir samitlə yazılması təklif olunur: “Bu təkcə avropalı mənşəli sözlərə yox, ərəb və fars dilindən alınan sözlərə də şamil edilir. “Stress”, “ekspress”, “konqress”sözünün iki “s” ilə yazılmasına ehtiyac yoxdur, çünki o bir “s” ilə tələffüz olunur”.
Mütəxəssis “Press” sözünün də bu qaydalara əsaslanıb-əsaslanmayacağı ilə bağlı suala cavab verərək bildirib ki, bu sözün dilimizdə bir “s” ilə yazılan variant da var: “Bu səbəbdən ola bilər “press” sözü istisna kimi saxlanılsın”.
“Əsgər” sözünə gəlincə, dilçi alim bildirib ki, bu söz indiyə kimi səhv yazılıb, həmin söz mənbə dildə “əskər”dir: “Digər bir söz isə “İsgəndər” sözüdür ki, həmin söz mənbə dildə “k” ilə yazılır. “İşgəncə”, “əsginas” sözü də bu qisimdəndir. Lüğətin hazırlanmasında fonetik prinsipə əsaslandığımız üçün, sözlərin deyiliş formasında yazılması əsas məqsədə çevrilib. Fonetik prinsip dili daha da asanlaşdıracaq. Onu da qeyd edim ki, lüğətimizdə bu tip olan “iskənə” sözü “k” ilə yazılır. Bu da bəzi insanlarda çaşqınlıq yaradır. Bəzən sual verirlər ki, niyə “misgər” sözü g” ilə yazılır, çünki o sözdəki “gər” peşə mənalı şəkilçidir. Məsələn: “zərgər”. Bu söz onlarla qarışdırılmamalıdır”
“Fonetik prinsipə keçilməsinin bir məqsədi də dilimizin, imlamızın türk dilləri ilə ortaqlaşmasıdır. Məsələn, türklər ancaq fonetik prinsipə əsaslanır. Biz də istəyirik ki, heç olmasa əlifba məsələsində yaxınlaşmaya nail olaq. Hazırda bütün dünyada çalışırlar ki, sözlərin tələffüzü ilə yazılış forması arasında çox fərq olmasın”, – deyə, M.Nağısoylu əlavə edib.